Dövr artıq innovasiya dövrüdür. Bunun üçün də startap və onunla bağlı terminləri artıq daha sıx görməyə başlamışıq. Bu terminlərin ən populyarları arasında “inkubasiya” və “akselerasiya” terminlərini tez-tez görmək olar. Bəs inkubatorla akseleratoru necə fərqləndirməli? Gəlin baxaq.
İlk öncə startap inkubatorun nə olduğuna nəzər salaq: Startap inkubatorlar ilkin mərhələdə olan startapların inkişaf edib gəlir və uğura çatmasında yardımçı olurlar. Bunun üçün adətən startap inkubatorlar ofis xidməti, mentor dəstəyi, potensial yatırımçılarla netvörkinq imkanları təklif edirlər. Startap inkubatorların əsas hədəf kütləsi hələ də biznes modeli və məhsulu olmayan startaplardır.
Adətən startap inkubatorlar qeyri-hökümət təşkilatları (NGO), universitetlər, vençur kapital fondları (VC), iqtisadi inkişafı hədəfləyən dövlət qurumları tərəfindən sponsor dəstəyi görürlər. İnkubatora qəbul olmaq prosesi də daha qısa çəkir: biznes inkubatorun tələbindən asılı olaraq ya müraciət formu ya da biznes plan təqdim etməklə inkubasiya proqramına qəbul olmaq mümkündür.
Startap akseleratorlar isə daha formalaşmış, biznes modeli və minimum yaşam qabiliyyətli məhsulu (MVP) olan startapların inkişafına fokuslanırlar. Startapları daha da inkişaf etdirmək məqsədi ilə akseleratorlar onları mentor dəstəyi, ofis xidməti, maliyyə və hüquqi məsələlərdə dəstək, ekosistemin ekspertləri və investorlarına çıxışla təmin edirlər.
Akseleratorlar adətən həm özəl, həm də dövlət sektoru tərəfindən maliyyələşsə də adətən özəl qurum kimi fəaliyyət göstərirlər. Hazır biznes modeli və MVP-si olan startapları daha da inkişaf etdirib onları vençur fondlarına hazırlamaq üçün akseleratorlar rezident startaplarına toxum yatırım edirlər. Qarşılığında isə adətən startap şirkətin hissədarlarından biri olurlar.
İnkubator vs Akselerator: Onları bir-birindən nə fərqləndirir?
Həm inkubatorlar həm də akseleratorlar ilkin mərhələdə olan startaplara fokuslansalar da bu iki anlayışı bir-birindən fərqləndirən məqamlar var:
1. Akseleratorlarla inkubatorları fərqləndirən əsas cəhət onların fokuslandığı mərhələdir. Yuxarıda da qeyd edildiyi kimi inkubatorlar biznes modeli olmayan, hələ ideya mərhələsində olan startaplara fokuslanır. Akseleratorların əsas hədəf kütləsi isə biznes modeli və MVP-si olan startaplardır.
2. İnkubatorlar adətən startaplara yatırım etmirlər, onların inkişaf edib biznes model qurmalarında dəstək olurlar. Lakin akseleratorlar startaplara toxum yatırım edib onları vençur mərhələsinə hazırlayırlar.
3. Startap inkubatorlarda rezident olmağın bəlli bir müddəti yoxdur. Startaplar istənilən zaman rezidentliyə qəbul olub istənilən zaman məzun ola bilərlər. Lakin akseleratorların 3 və ya 6 aylıq bəlli bir proqram müddətləri olur.
İnkubator yoxsa Akselerator? Biznesim üçün hansını seçməliyəm?
SABAH.lab olaraq həm inkubasiya həm də akselerasiya proqramına müraciət qəbul etdiyimiz üçün bu sual ən çox qarşılaşdığımız suallardan biridir. Cavabı isə çox sadədir: öz biznesinizi analiz edərək bunu özünüz müəyyən edin. Necə? Gəlin sizə aşağıdakı suallarla yardımçı olaq.
1. Biznesiniz indi hansı mərhələdədir? Əgər startapınız hələ ideya mərhələsindədirsə, o zaman sizə inkubator dəstəyi lazımdır. Əgər bazara çıxara biləcəyiniz minimal məhsulunuz varsa, lakin daha çox inkişafa ehtiyac duyursunuzsa, o zaman akselerator sizin üçün doğru ünvandır. Qeyd edək ki, akselerasiya inkubasiyadan sonra, vençur kapital fondundan əvvəl gələn mərhələ kimi də qəbul olunur.
2. Nə qədər maliyyə dəstəyinə ehtiyacınız var? Biznes inkubatorlar adətən maliyyə dəstəyi axtarışında olmayan ilkin mərhələ startaplarını rezidentliyə qəbul edirlər. Akseleratorlar isə maliyyə dəstəyi ilə öz miqyasını böyütmək istəyən startapların axtarışındadırlar.
3. Biznesinizin inkişaf yolunu müəyyənləşdirin. İnkubatorlar startapları daha uzun müddət rezidentlikdə saxlamağa maraqlı olsalar da, akseleratorların rezidentlik dövrü sadəcə 3 aydan 6 ayadək davam edir.
Biznes inkubatora ya da Startap akseleratora necə qəbul ola bilərəm?
Təbii ki, inkubatorda və ya akseleratorda rezident startapa çevrilmək üçün müəyyən seçim mərhələsindən keçmək lazımdır. Adətən biznes inkubatorlar müraciət formu ilə seçim prosesini tamamlayırlar. Akselerasiya mərkəzləri isə müraciət formundan əlavə startap komandalarla müsahibə təşkil edir. Akselerasiya mərkəzinin tələblərindən asılı olaraq müsahibə bir və ya bir neçə mərhələdən ibarət ola bilər. Ümumi olaraq isə həm inkubator həm də akseleratora qəbul adətən müraciət formundan başlayır. Buna görə də müraciət formunu diqqətlə doldurmaq şərtdir. İnkubatora müraciət etdiyiniz zaman biznes ideyanızın parlaq və potensiallı olduğunu göstərə bilmək şərtdir. Akselerasiya mərkəzinə müraciət zamanı isə biznes modelinizin üzərində işləməniz və onun miqyasının necə genişlənəcəyini göstərə bilməniz qəbul şansınızı daha da artırır.
Comentários