top of page

Mobil tətbiq vs vebsayt: Startap ideyanız üçün hansını seçməlisiniz?

Leyla Rustamova

Yaşadığımız dünyanın gedərək rəqəmsallaşması bütün işlərimizə, ələxsus da biznesimizə təsirsiz ötüşmür. Bəs biznesimizi daha da rəqəmsal yönümlü inkişaf etdirmək üçün nəyə ehtiyacımız var: vebsayt yoxsa tətbiq?


Müasir dövrdə rəqəmsallaşmadan inkişaf etmək get-gedə mümkünsüzləşir. Bunun üçün də hər birimiz sosial şəbəkələrdə rəqəmsal kimliyimizi yaradır və tanınmaq istəyirik. Bu, həm şəxsi, həm də biznes səbəbləri üçün keçərlidir: sosial şəbəkələrdə səhifələrimizi yaradırıq, kontent paylaşırıq və beləcə rəqəmsal kanallarla daha çox insana çatmaq, daha çox müştəri yığmaq və daha çox qazanmaq istəyirik. Lakin potensial müştərilərimiz bizi vebsaytda yoxsa tətbiqdə görmək istəyər? Bu sualın cavabı biznesdən asılı olaraq dəyişir.


Bu barədə ən çox rast gəlinən fərziyyə budur: İnsanlar arasında mobil telefon istifadəsi daha populyardır və bunun üçün də mobil tətbiq lazımdır. İndiki smartfonların az qala kompyuterin xüsusiyyətlərinə sahib olduğunu deyə bilərik, lakin bu faktor veb istifadəsinin azalacağı demək deyil.


Əslində startap biznesiniz üçün vebsayt yoxsa mobil tətbiqə ehtiyacınız olduğunu tapmaq iki faktora dayanır: sizin tələbləriniz nədir və startapınıza hansı tip auditoriya cəlb etmək istəyirsiniz?


Seçim etməmişdən öncə təbii ki ilk araşdırmalı olduğunuz məqam vebsaytın və mobil tətbiqin fərqləri və əhəmiyyətidir. Sonra isə aşağıdakı suallara cavab taparaq vebsayta yoxsa mobil tətbiqə ehtiyacınız olduğunu aydınlaşdıra bilərsiniz:


1. İstifadəçilər məhsulunuzu haradan əldə edəcəklər? İlk öncə istifadəçi təcrübəsinə dayanmaq lazımdır: sizin hədəf kütləniz sizin məhsula vebsaytda yoxsa mobil tətbiqdə ehtiyac duyur? Bu suala cavab tapın.


2. Büdcəniz nə qədərdir? Təbii ki, vebsayt qurmaq maliyyə cəhətdən tətbiq qurmaqdan daha sərfəlidir. Vebsayt bütün brauzerlər üçün eyni cür işləsə də, tətbiq IOS və Android sistemlərinə uyğun olaraq qurulmalıdır və hər biri xərcinizi daha da artırır. Beləcə, vebsayt 1-0 mobil tətbiq


3. Siz müştərilərinizin tətbiqi gündə bir neçə dəfə istifadə edəcəyinə əminsinizmi? Əgər startap ideyanız gündəlik istifadə üçün nəzərdə tutulubsa, o zaman tətbiqlə başlamaq daha məqsədəuyğundur. Lakin, tətbiqin gec yüklənməsi, gec açılması, yaddaşda çox yer tutması kimi faktorlar tətbiq istifadəsini aşağı salacaq və müştəri itirmənizlə nəticələnəcək. Bir neçə müddətdən bir istifadə üçünsə vebsayta yatırım etmək daha məqsədəuyğundur. Beləcə, vebsayt 2-0 mobil tətbiq olaraq hesab dəyişir.


4. Müştərilər offlayn şəkildə məhsulunuzu hansı tezliklə istifadə edəcək? Əgər siz idman zalı, təyyarə və s. kimi internetdən istifadə edə bilməyəcəyiniz yerdəsinizsə, onlayn şəkildə hərəkətiniz məhdudlaşacaq. Beləliklə, bu raundda mobil tətbiq vebsayta qalib gəlir: 2-1

Maraqlı fakt: Ən çox internetin limitli olduğu halda istifadə olunan tətbiqlər isə xəritə, qalmaq yeri axtarışı və lüğət tətbiqləridir.


5. Tətbiqinizin sürətinə nə dərəcədə önəm verirsiniz? Təbii ki, sürət istifadəçi interfeysinə birbaşa təsir edən ən önəmli faktorlardan biridir. Mobil tətbiqlər vebsaytlardan daha sürətli olsalar da, onları yükləmək vaxt alır. Əgər istifadəçiniz sizin haqqınızda ümumi məlumat əldə etmək istəyirsə, tətbiq yükləmək boş vaxt itkisi olacaq. Lakin, vebsayt sadəcə internet bağlantılı yerlərdə işləyir, ikisi arasında qərar verərkən bu amili nəzərə alın.


6. Tətbiqinizi tez-tez yeniləyəcəksinizmi? Əgər davamlı olaraq inkişaf və dəyişikliyə ehtiyacınız varsa, o zaman önünüzdə iki yol dayanır: 1. Tətbiqi davamlı olaraq yeniləmək 2. Vebsyatın kontentində dəyişiklik etmək. Tətbiqin yenilənməsi vaxt aparan proses olduğu üçün burada ən tez köməyə gələn vebsaytda kontentin dəyişilməsidir. Çünki,

- Vebsayt sadəcə 1 platformadır. Lakin tətbiqdə yenilik IOS, Android və Windows sistemləri üçün ayrı icra olunmalıdır.

- Gözləmə müddəti yoxdur. Beləcə, tətbiqinizi “market”ə yerləşdirənə kimi 5 günə qədər vaxt itirməyəcəksiniz.

- Düzəliş məsələlərindən azadsınız. Kontenti yeniləyib “çap” düyməsinə basdığınız zaman artıq etdiyiniz yeniliyi başa çatdırmış olursunuz. Beləcə, vebsayt hesabda önə keçir: 3-1


7. Tətbiqinizdə lokasiya və naviqasiya elementləri (GPS) varmı? Düşünün ki, siz taksi xidmətisiniz. Bu zaman təbii ki, mobil tətbiq istifadəsi sayt istifadəsindən daha səmərəlidir. Çünki, içərisində GPS elementi olan tətbiqləri mobil telefon vasitəsiylə istifadə etdiyimiz zaman olduğumuz yeri, təyinat nöqtəsini, sifarişin olduğu yeri və hansı müddətdə çatacağını rahat görə bilirik. GPS elementi bu raundda xalı mobil tətbiqə qazandırdı: 3-2


8. Tətbiqinizin mobil telefonun xüsusiyyətlərinə qoşulmasına ehtiyacı varmı? Əgər tətbiqdən istifadə etmək üçün ön və yaxud arxa kamera, xəritə, səs alətləri, sensordan istifadəyə ehtiyac duyuruqsa, o zaman tətbiq vebdə deyil, mobildə olsa, daha məqsədəuyğundur. Çünki mobil tətbiqlə biz yuxarıda sadalanan real vaxt datalarına çata bilərik. Bu raundda da xal mobil tətbiqindir: 3-3


9. Sizin data reportlarına, analizlərə hansı sıxlıqla ehtiyacınız var? Əgər tez-tez hesablamalara, reportlara və analizlərə ehtiyac duyacaqsınızsa, bunu veb vasitəsiylə etmək olduqca çətindir və yaxşı inkişaf etdirilmiş mobil tətbiq sizə əlverişli çarə təklif edə bilər. Beləliklə, mobil tətbiq hesabda önə keçir: 3-4


10. Hansı daha əlçatandır? Təbii ki, araşdırmalar mobil tətbiq istifadəsinin daha rahat olduğunu göstərir. Çünki mobil tətbiqlər kamera, kontaktlar, səs alətləri, olduğumuz yer və s. kimi real vaxt datalarına vebdən fərqli olaraq rahat çatır. Lakin, mobil istifadəsi əlverişli olan vebsayt da mobil tətbiq qədər əlçatandır, üstəlik heç bir yüklənmə getmədən. Burada sizin nəzərə almalı olduğunuz əsas məsələ istər vebsayt, istər mobil tətbiq olmasından asılı olmayaraq istifadəsi rahat bir tətbiq yaratmalı olduğunuzdur.


11. Rəqibləriniz hansı tətbiqdən istifadə edir? Təbii ki, hər suala ən aydın cavab rəqiblərinizi araşdırarkən tapılır. Rəqibiniz mobil tətbiq yoxsa vebsayt istifadə edir? İstifadəsi nə qədər uğurludur? Bu detallara önəm verin.


Xülasə, çox şirkət düşünür ki, ilk mobil tətbiqdən başlamaq lazımdır. Lakin, yuxarıda da göründüyü kimi bu heç də hər zaman belə deyil. Əgər siz gündəlik istifadə üçün nəzərdə tutulmamış startapsınızsa, ilk vebsayt ilə başlamağınız daha sərfəlidir. İstifadəçilər arasında mobil telefon populyarlığını nəzərə alaraq vebsaytı mobil istifadəyə uyğun təkmilləşdirə bilərsiniz. Növbəti məqamlardan biri biznes modelinizi gözdən keçirməkdir. Həm vebsaytın, həm də mobil tətbiqin üstünlükləri və çatışmazlıqlarını nəzərə aldıqdan sonra biznes modelinizə nəzər yetirərək yekun qərarı verə bilərsiniz. Sonuncu addım isə komandanıza uyğun developer tapmaq olacaq. Vebsayt yaxud mobil tətbiq istifadəsini nəzərdən keçirərək tələblərinizi formalaşdıra və bir developerdə axtardığınız xüsusiyyətləri müəyyənləşdirə bilərsiniz.


Comments


bottom of page