Belə bir deyim var: istəmək əldə etməyin yarısıdır. Lakin hərəkətə keçmək ücün bunun necə baş verməli olduğunu əvvəlcədən bilmək vacibdir. Bu hala öz biznesinizi qurarkən də diqqət etməlisiniz, çünki birinci ideya gəlir. Lakin ideyanı necə formalaşdırmalı olduğunuzu bilmirsinizsə, aşağıdakı punktları gözdən keçirməlisiniz.
Təbii ki, hər kəs səhvlərdən öyrənir. Ona görə də ideya formalaşdırarkən edilən səhvlərdən danışacağıq:
İdeyanızın nadidə olduğuna inanmayın. Əgər Facebook-un ilk sosial şəbəkə olduğunu düşünürsünüzsə, yanılırsınız. Lakin sosial şəbəkə deyilərkən ağıllara ilk Facebook gəlir, elə deyilmi? Bir ideya mükəmməl icra olmadan möhtəşəm ola bilməz.
Ağlınıza gələn ilk ideyaya doğru qaçmayın. İdeyanız barədə araşdırmalar edin. Bu zaman siz ideyanızın insanların çox da marağında olmadığını və yaxud problem həll etmədiyinizi görə bilərsiniz. Araşdırma aparmaq ideyanızı daha da inkişaf etdirə bilər.
Birinci problem, sonra həll. Problemin nə olduğunu bilmədən həll yolu təklif etməyə çalışmayın. İlk öncə hansı problemə müraciət etmək istədiyinizi tapın və ona uyğun bir həll yolu düşünün.
Yerli miqyasda düşünməyin. Bir startap dünyaya yayıla biləcək ideyadan ibarət olmalıdır. Yalnızca yerli bazara müraciət etmək bir müddətdən sonra inkişafınızı dayandıracaq. İkinci növbədə isə qlobal rəqiblərlə rəqabət apara bilməyəcəksiniz. eTicarət üzrə ekspert Nicat Manafov bildirir ki, yerli yemək çatdırılma servisi olan Fonibonu təsis edən gün ona “Wolt” kuryerlərinin artıq binanın aşağısında olduğunu söyləyiblər. Belə ki, artıq Fonibo yerli bazara çıxmadan ona beynəlxalq rəqib gəlib və təbii ki bu halda rəqabət qabiliyyəti aşağı olduğundan şirkət fəaliyyət göstərə bilməyib.
Kompleks ideyaların ömrü qısa olur. Startap qurmanın 1 qızıl qaydası var: 1 ideya, 1 şirkət, 1 məhsul. Bir neçə ideyanın birləşimi startapın uğursuzluğuna gətirib çıxarır. Sadəliyə üstünlük verin.
Kiçikmiqyaslı bazara girməkdən çəkinin. Statistikaya əsasən, startapların uğursuzluqlarının səbəbləri arasında 30 % yer bazarın kiçikmiqyaslı olmasıdır. İdeya hər nəqədər yaxşı olsa da, kiçik bazarda tələbat azlığı, rəqabətin olmaması startapın müvəfəqiyyətsizliklə nəticələnməsinə səbəb olacaq. Unutmayın ki, sahibkarlığı rəqabət canlı saxlayır. Rəqabətin real olduğu bazara müraciət etməyə çalışın.
Comments