top of page

Startap nədir?

Updated: Sep 21, 2022


Müasir dünyada “startap”, “innovasiya”, “investisiya” kimi terminləri daha çox eşitməyə başlamışıq. Bəs özü-özlüyündə startap nədir? Gəlin, araşdıraq.


Startapın müxtəlif müəlliflər tərəfindən müxtəlif açıqlamaları mövcuddur. Startapın ən çox tanınan açıqlamalarından biri “Lean Startup Methodology”-nin yaradıcısı Erik Rayz tərəfindəndir: “Startap insanlar tərəfindən idarə olunan, mövcud qeyri-müəyyənliklər içərisində yeni məhsul və ya servis çıxaran müəssisədir.” Dünyaca məşhur "Forbes" jurnalı isə startapa belə bir tərif verir: Startap bazara insanların ehtiyaclarını qarşılaya bilən, əvəzolunmas məhsul ilə çıxmağa çalışan yeni yaranan şirkətdir. Startapın ən sadə izahı isə belədir: yeni yaranmış və inkişafda olan kiçik müəssisə.


Startaplar necə işləyir?


Əslində, startaplar elə digər bizneslər kimi fəaliyyət göstərir. Startapları onlardan ayıran sadəcə iki xüsusiyyət var:

  1. Startaplar da digər müəssisələr kimi bir qrup insanın bir araya gələrək istehlakçı tələblərinə cavab verən məhsul istehsal edir. Lakin, fərqli olaraq, startaplar bunu ənənəvi yoldan daha kənar şəkildə yerinə yetirirlər: digər müəssisələr ənənəvi yolla davam edərkən startaplar yeni yollar icad edirlər. Beləliklə, startaplar çevik (agile) metodologiyaya daha yaxın işləyirlər.

  2. Startapların digər özəlliyi isə sürət və inkişafdır. Onlar öz ideyalarını daha sürətli şəkildə reallaşdıraraq inkişaf etdirirlər. Bunun üçün də adətən startaplar MVP – Minimal Yaşam qabiliyyətli Məhsul ilə bazara çıxıb onu test edirlər. Digər tərəfdə isə, startaplar müştəri bazası toplayaraq onu sürətlə genişləndirməyə çalışırlar. Müştəri bazasının çoxluğu startapın bazarda dəyərini artıran amillərdən biridir. Bunun üçün də müştəri bazası çox olan startaplar daha asanlıqla yatırım əldə edə bilirlər.

Ümumilikdə, startapların əsas bir məqsədi ictimaiyyətə çıxmaqdır. Startaplar özlərini ictimai yatırıma açıq elan edərkən daha tez "çıxış" strategiyalarına çatırlar.


Startaplara nə cür yatırım etmək olur?


Ümumiyyətlə, startapların investisiya alma prosesi bir neçə mərhələdən ibarət olur.

  1. "Bootstrapping"- Yeni başlayan startaplar üçün ən əla variant məhz budur. Bu növdə startap qurucuları ailə üzvlərindən və ya yaxın çevrələrindən yatırım əldə edərək işə başlayırlar.

  2. "Seed funding" - bu daha çox toxum yatırım kimi tərcümə olunur. Bu mərhələdə startaplar adətən sadəcə ideyadan ibarət olur və məhsul yerinə vədlər təklif edirlər. Bu mərhələdə startapların köməyinə mələk investorlar, inkubatorlar və akseleratorlar gəlir. Onlar startaplara toxum yatırım edərək Minimum Yaşam Qabiliyyətli Məhsullarını çıxarmaqda yardımçı olurlar.

  3. "A,B,C,D" mərhələli investisiya - adətən burada startaplarl artıq öz məhsulları ilə bazara çıxmış olurlar və daha da inkişaf etmək üçün yatırıma ehtiyac duyurlar. Bu mərhələdə əsasən vençur fondları startaplara yatırım etməyə maraqlı olurlar. Təbii ki, bu mərhələdə investisiya məbləğləri daha böyük olduğundan vençur fondları ilə startaplar arasında danışıqlar gedir. Bu danışıqlar aylarla sürən prosesdir. Vençur fondları investisiya qarşılığında adətən startapların hissədarı olurlar.

  4. Və nəhayət, bir neçə müddət sonra startap ictimaiyyətə çıxmaq qərarı ala bilər. Burada artıq startaplar İlkin İctimai Təklif (Initial Public Offering) almağa açıq olurlar. Bu mərhələdə onlar açıq səhmdar cəmiyyət şəklində fəaliyyət göstərməyə başlayırlar.


Niyə startaplara tələbat artır?

Buna əsas səbəb startapların əsas məqsədinin bazardakı boşluqları doldurması və mövcud problemlərə müasir həll yolları təklif etmələridir. Sahibkarlar cəmiyyətə yararlı olmağı daha çox düşünürlər. Həmçinin, müasir dünyada startaplar iqtisadi inkişafa təkan verən əhəmiyyətli faktora çevriliblər.


Startaplarla kiçik bizneslərin fərqi nələrdir?

Kiçik bizneslər daha çox dayanıqlı inkişafa fokuslanırlar. Lakin, startapların əsas fokus nöqtəsi sürətli inkişafdır.


Startaplar necə uğur qazanır?

Əgər statistikaya nəzər yetirsək, görərik ki, 90 % startaplar uğursuzluğa düçar olurlar. Əgər startapınızın uğur qazanmasını istəyirsinizsə, aşağıdakı suallara hökmən cavab tapmalısınız.

  • Komanda bu ideya üzərində işləməyə nə qədər həvəslidir? Şübhəsiz ki, ideya qədər komanda da önəmlidir. Əgər statistikaya bir də nəzər yetirsək, görərik ki, uğursuzluq səbəbləri arasında 40 % komandanın düzgün qurulmaması yer alır.

  • Niyə bu ideya və niyə məhz indi? Buradan yeni suallar doğur: bu ideya üzərində ilk siz işləyirsiniz? Əgər hə, niyə sizdən öncə bu ideya işlənilməyib? Niyə yox, o zaman sizi digərlərindən fərqləndirən nədir?

  • Çıxmaq istədiyiniz bazar nə qədər böyükdür? Bəzən ideya nə qədər yaxşı olsa da, bazar tələbatlı və rəqabətli olmur. Bu səbəbdən də startaplar uğursuzluqla nəticələnirlər. Mütləq daxil olmaq istədiyiniz bazarın tələbatlı və sizin üçün doğru bazar olduğunu anlamağa çalışın.

bottom of page