top of page

Startap vs kiçik biznes: iki anlayış arasında fərq nədir?

Əgər texnologiya sahəsində çalışırsınızsa, o zaman sahibkarların dəfələrlə startap təsis etdiyindən xəbəriniz var. Bəs bir addım daha geriyə gedib “startap nədir?” sualını vermisinizmi?


“Startap” və “Kiçik biznes” anlayışlarının hər ikisi ilk olaraq ABŞ-da yaranıb. Tarixə nəzər yetirsək görərik ki, “kiçik biznes”-in yaşı daha böyükdür. Təxminən 19-cu əsrin sonlarına kimi yeni yaranan bütün bizneslər “kiçik biznes” olaraq adlandırılırdı. “Startap” kəlməsini isə ilk dəfə 1976-cı ildə “Forbes” dərgisi istifadə edib. 90-cı illərdə isə “startap” “kiçik biznes”-dən daha sıx işlənməyə başlayıb.


Startapla kiçik biznesin ən mühüm fərqi odur ki, startap daha texnologiya yönümlüdür. Əgər hər ikisinin biznes modelinə nəzər yetirsək görərik ki, startaplarda texnologiyanın istifadəsi daha qabarıqdır ki, son dönəm təsis olunan startapların bir çoxunda süni intellektin istifadəsinə çox tez-tez rast gəlinir.


Startap yoxsa kiçik biznes: sizin üçün ən uyğun olanı hansıdır?


Startapların çox çəkici uğur hekayələri qədər böyük riskləri var. Həmçinin startaplar mövcud bir problemin həllinə fokuslanaraq ona həll yolu təklif etmək məqsədi ilə yaranırlar.


Problem həll etmək bəzən sizə milyonlar qazandırsa da, bu o demək deyil ki, kiçik biznes qurmaq sizə uğur gətirməyəcək. Hazırda məşhur qida və ya maşın zəncir şəbəkələri də nə vaxtsa kiçik biznes olmaqdan başlayıblar

.

“Startap yoxsa kiçik biznes təsis etməliyəm?” sualına cavab olaraq isə bunu deyə bilərik ki, bu sualın cavabı aşağıdakı suallarda gizlənib:


1. Mənim daxil olmaq istədiyim bazarda startaplar yoxsa kiçik bizneslər daha uğurludur?


2. Risklərə nə qədər açığam?


3. Qurmaq istədiyim komandaya necə insanlar uyğundur?


Bu suallara cavab tapmaqla startap yoxsa kiçik biznes qurmalı olduğunuzu aydınlaşdıracaqsınız.


Startapla kiçik biznesin fərqi


Baxış

Şirkətin baxış strategiyasından onun startap yoxsa kiçik biznes olduğunu ayırd etmək mümkün olur. Startaplar hər nəqədər də biznes quraraq problem həll etməyə və miqyaslarını böyütməyə çalışsalar da, kiçik biznesin əsas prinsipi gəlir əldə etməkdir və startap kimi qlobala çıxmaq hədəfi olmaya bilir.


Maliyyələşmə

Startaplar maliyyə dəstəyini investor və yaxud vençur kapital fondlarından əldə edirlər. Həmçinin startapların maliyyələşməsi bir neçə raunddan ibarətdir. (bootstrapping, seed, series A,B,C və s.) Kiçik bizneslərə isə bank krediti və yaxud onlayn kreditorlara müraciət etmək kifayət edir.


İnkişaf

İnkişaf strategiyası startapla kiçik biznesi fərqləndirən ən mühüm məsələlərdən biridir. Startaplar daha çevik inkişaf strategiyasına malikdir. Onlar məhsulu buraxandan sonra onun işləmə qabiliyyətinə baxaraq bazar strategiyasını dəyişə bilirlər. Lakin kiçik biznesdə bu məsələ tərsinə baş verir. Bununla belə kiçik biznes sahibləri risklərini daha da azaltmış olurlar.


Gəlir

Gəlir strategiyası da ən azı inkişaf qədər startapla kiçik biznesi aydın şəkildə ayırd edir. Vençur Kapital forndları startaplara investisiya edərkən onun müəyyən müddət zərərlə işləyəcəyini nəzərə alır. Hətta bu müddətin il ilə ölçüləcəyini belə düşünür. Startaplar bir müddət İlkin İctimai Təklif (IPO) alana qədər ondan gəlir əldə etmək mümkün olmur. Lakin kiçik biznesə yatırım edən zaman ondan dərhal gəlir əldə olunması gözlənilir.


Liderlik

Araşdırmalar bunu göstərir ki, liderlər əsasən 3 yerə bölünürlər: rəssamlar, menecerlər və sahibkarlar. Startap qurucuları da məhz sahibkar ruhlu insanlardır: riskə gedirlər, baxış formalaşdırırlar və bir yerdən başqa yerə sürətlə keçid edə bilirlər. Kiçik biznes qurucuları isə rəssamlardır: onlar yaratmağı və başqalarını ruhlandırmağı sevirlər. Menecerlər isə əməliyyatçı insanlardır. Onlar daha çox gedişata önəm verirlər. Hər kəs biznes qura bilər, lakin uğura gedən yol biznes kimliyini doğru seçməkdən keçir.



Comentários


bottom of page