top of page

Startaplarda “mədəni uyğunluq” nədir və komandaya düzgün insanı necə seçməli?

Şüphəsiz ki, iş yerləri əməkdaş axtaran zaman öz tələblərinə ən uyğun namizədi tapmağa çalışırlar. Startaplarda isə bu proses daha çətindir, çünki bir startapda əmək haqqıları daha az, iş saatları daha çoxdur. Üstəlik, startapın yeniliyi və uğursuz olmaq təhlükəsi də işçi qüvvəsi seçənəyini startaplar üçün aşağı salır. Bəs startap mədəniyyəti nədir və ona mədəni uyğun olan insanları necə seçməli? Gəlin baxaq.


Startap mədəniyyəti nədir?

Bir çox startaplar ilkin mərhələlərdə startap mədəniyyətinin nə olduğunu anlamaqda çətinlik çəkir. Hətta bir çox startapçılar uğursuzluqla qarşılaşdıqdan sonra startap mədəniyyətinin əslində elə birbaşa əməliyyatlara bağlı olduğunu başa düşürlər. Rand Fishkin, “Moz”-un təsisçisi və Baş İcraçı Direktoruna görə startap mədəniyyətini təyin etmək aşağıdakı 3 amildən keçir:

- Startapın kimliyi

- İnkişaf strategiyası

- Şəbəkə


Bəs bu amillərə necə əməl etmək olar? Cavab: Öz dəyərlərinizi bilin. Uğur qazanmağın yolu hansı dəyərlərdən keçirsə, ona fokuslanın. Əgər hələ də dəyərlərinizi müəyyənləşdirə bilməmisinizsə, o zaman şirkətinizdəki uğur və uğursuzluq hallarını gözdən keçirin. Dəyərlərin içərisində kommunikasiya və işçilərarası münasibətlər əsas faktor kimi dəyərləndirilir. Əgər siz hər gün səhər tezdən oyanıb nə məqsədlə işə gəldiyinizi bilmirsinizsə, sizinlə çalışan komanda üzvləriniz də bilməyəcək. Nəyi dəyərləndirdiyinizi bilin və ona əməl edin ki, komanda üzvləriniz də bu dəyərlərə əməl etsinlər.


Startapınıza düzgün komanda yoldaşı necə seçə bilərsiniz?

Hansı daha əhəmiyyətlidir: kəmiyyət yoxsa keyfiyyət? İdeya üçün yoxsa maaş üçün çalışmaq? Bu seçənəklər ilk baxışda nə qədər sadə görünsə də sizi düzgün komanda yoldaşı seçməniz üçün sizi yönləndirəcək seçənəklərdir.Bunun üçün də müsahibə zamanı aşağıdakı faktorları nəzərinizdə saxlayın:

- Sizinlə çalışmaq istəyən insan nə üçün sizi seçmək istəyir? Söhbət əsnasında onun sizin şirkətinizin hansı dəyərlərinə uyğun olub-olmadığını analiz edin.

- Əməkdaş kəmiyyət yoxsa keyfiyyət yönümlü düşünür?

- Əməkdaşın vaxtını necə bölüşdürməsini yoxlayın. Ona prioritet yönümlü tapşırıqlar verin ki, tapşırıqları və dolayısı ilə vaxtını necə bölüşdürdüyünü yoxlayasınız.


Lakin bütün bunları nəzərdə saxlayaraq 1 vacib amili də unutmayın ki, bir komandada fərqlilik vacibdir və yeni əməkdaş axtaran zaman bu amili nəzərə alın.

Yuxarıda sadalananlar şirkətinizdə çalışmaq istəyən əməkdaşa ötürülən suallardır. Lakin əməkdaşı dəyərləndirərkən özünüzə də bəzi suallar verməli olacaqsınız:


1. Əməkdaşdan şirkətə necə uyğunlaşmasını istəyirəm?

2. Mənim şirkətimin iş etikası nədir?

3. Biz şirkət olaraq uğuru hansı meyarlarla ölçürük?


Təbii ki, CV-yə baxış zaman müraciət edən əməkdaşın uyğun olub-olmadığını ölçmək onunla üzbəüz görüşənə qədər çətindir.


Dünyada bəzi məşhur startapların özünəməxsus seçim kriteriyaları:

İndi isə gəlin real nümunələrə əsaslanaq. Zappos-un Baş İcraçı Direktoru Tony Hsieh bildirir ki, onun müsahibə əsnasında fikir verdiyi ən vacib məqam əməkdaşın “mən” yoxsa “biz” işlətməsidir. O bildirir ki, “biz” ilə danışan əməkdaşların şirkətə daha rahat uyğunlaşacağına inanır.


eHarmony-nin Baş İcraçı Direktoru Greg Waldorf isə bildirir ki, o, bir işçinin bir vəzifədə qalma müddətinə baxır. O düşünür ki, vəzifəsində tez artım olan işçilər daha çevikdirlər və daha tez adaptasiya ola bilirlər.


Mələk investor Bryan Beal isə məsləhət görür ki, startaplar özlərinə talantı öz şəbəkələrinin yönləndirmələri ilə etsələr daha uğurlu komanda qura bilərlər.


Xülasə, startap üçün talant cəlb edərkən nəzər yetirilməli ən vacib məqam əməkdaşın öz komfort zonasına nə qədər düşkün olub-olmamasıdır. Sizin startap olaraq etdiyiniz təklif bəzilərinə nə qədər həyəcanverici səslənsə də, bəzilərinə bir o qədər də təhlükəli və riskli görünə bilər. Bunun üçün də axtardığınız adam yenilikçi, startap təfəkkürünə malik bir insan olmalıdır.


Commenti


bottom of page