Təsəvvür edin ki, startapınızı inkişaf etdirmək üçün sizə toxum yatırım, professional mentor dəstəyi, 7/24 açıq ofis xidməti təklif edir və şirkət olaraq qeydiyyatdan keçib startap şəhadətnaməsi almanızda yardımçı olurlar. Üstəlik bütün bunları tam ödənişsiz təklif edirlər. Əla səslənir, elə deyilmi? SABAH.lab yeni “Sürət” proqramında bütün bunları və hətta daha artığını təklif edir. Bəs bu proqrama qoşulmaq üçün hansı mərhələlərdən keçməlisiniz? Ətraflı izah üçün oxumağa davam edin.
Ötən bloqumuzda akseleratora qəbul olmaq üçün hazır olub-olmadığınızı necə araşdırmalı olduğunuz haqqında danışdıq. Əgər hazır Minimum Mümkün Məhsulunuz (MVP)-niz və formalaşmış komandanız varsa, o zaman yeni “Sürət” proqramı məhz sizin üçündür. Bu proqram rəsmi tərəfdaşımız olan IE Biznes Məktəbi-nin dəstəyi ilə formalaşıb. Burada SABAH.lab sizə MVP-nizi daha da inkişaf etdirmək üçün 25 min AZN dəyərində toxum yatırım, daha geniş investorlar şəbəkəsinə çıxış, 7/24 açıq ofis xidməti, dünyanın ən nüfuzlu təhsil müəssisələrindən dəvət olunmuş professional mentor dəstəyi, sahənin ekspertləri ilə görüşlər, aktiv müştəri bazasının yığılmasında yardım ilə təmin edir. Lakin bütün bunlardan yararlanmaq üçün aşağıdakı mərhələlərdən keçməli olacaqsınız:
1. İlk növbədə sizdən müraciət formunu doldurmaq tələb olunur. Formu ya siz ya da komanda yoldaşınız doldura bilər. Burada formu dolduran şəxsin ümumi məlumatları, startap ideyanın təqdimatı (Pitch Deck), biznes proyeksiyanız və bütün bunları ümumiləşdirən 3 dəqiqəlik video çarx tələb olunur. (Pitch Deck nümunəsi üçün klikləyin.) Qeyd edək ki, müraciətlərə proqram tərəfdaşları da baxdığından müraciətlər sadəcə ingilis dilində qəbul olunur. Həmçinin müraciət formunda ümumi məlumatları doldurarkən işlək elektron poçt ünvanı və mobil nömrə qeyd etdiyinizdən əmin olun. (Əgər biznes proyeksiya cədvəlini necə hazırlamalı olduğunuz barədə dəstəyə ehtiyac duyursunuzsa, bu bloqa daxil olun.)
2. SABAH.lab komandası müraciətləri nəzərdən keçirir. Seçilmiş namizədlərlə komanda əlaqə saxlayaraq müsahibə təyin edir.
3. Bu müsahibədən uğurla keçən komandalar SABAH.lab idarə heyyəti və proqram tərəfdaşları ilə ikinci müsahibəyə dəvət alırlar. Burada daha əsas ideyanızın təqdimatına fikir verilir. (İdeyanızı uğurla təqdim etmənin yolları burada)
4. Nəhayət, bu müsahibəni də müvəffəqiyyətlə başa vuran startap komandalar SABAH.lab akselerasiyasına qoşulurlar. Beləliklə, SABAH.lab-in təmin etdiyi bütün üstünlüklərdən tam ödənişsiz şəkildə yararlanmaq imkanı əldə edirlər.
Əgər biznesinizi inkişaf etdirmək üçün sizə uzadılacaq yardım əli axtarırsınızsa, SABAH.lab-a üz tutun. Elə indicə bu linkə daxil olaraq müraciət etməyə tələsin.
Comments