Startapın mənasını aydınlaşdırmaq istəsəniz, fərqli mənbələrdən fərqli izahlara rast gələ bilərsiniz. Biz də bir neçə dəfə bloqlarımızda startapın nə demək olduğunu izah etmişik. Gəlin bir daha ümumi startap anlayışına qısaca nəzər yetirək:
- 30-dan az işçi komandası,
- Bootstrapping, toxum və seriya investisiyalarla maliyyələşir,
- Daha da inkişaf edə bilmək üçün akselerator və vençur kapital fondlarından dəstək alırlar,
- Daha çevik metodologiya ilə işləyirlər.
İndi isə startapların ən çox bilinən 6 növünə nəzər yetirək:
1. Yaşam tərzi startapları:
Yaşam tərzi startapları daha çox maraq və hobbilərin biznesə çevrilməsindən yaranır. Bu tip startaplar adətən miqyaslarını genişləndirməyə maraqlı olmur və daha çox kiçik biznes kimi fəaliyyət göstərirlər. Lakin yaşam tərzinə aid olub “unicorn” səviyyəsinə çatan startapların da olduğunu görə bilərik. Məsələn bu kateqoriyaya Away, GPclub, Gymshark kimi startapları əlavə etmək olar. Yerli startaplar arasında da Push30, 2walk kimi yaşam tərzi startapları yer alırlar. Əlavə olaraq, bu tip startapların istifadəçiləri adətən təsisçilərlə ortaq hobbiləri paylaşan insanlar olurlar.
2. Miqyası böyüyə bilən startaplar
Bu tip startapların adətən böyük planları və hədəf kütlələri olur. Həmçinin onlar 1 sahədən başlayıb daha sonra qonşu sahələri də əhatə edə bilirlər. Bu tip startaplar ekosistemə ən çox təsir göstərənlərdir. Sosial şəbəkələr, Google, Uber və s. kimi startapları bu qrupa aid etmək mümkündür.
3. “Budaq” startaplar
Böyük şirkətlərdə inkişaf stabil və durğun gedir və bu da bəzən yeni həllərə, texnologiyaya uyğunlaşmaqda çətinlik yaradır və müştəri itkisinə səbəb olur. Bunun üçün də “budaq” startaplar meydana gələrək böyük şirkətlərin tərkibində fəaliyyət göstərir və çevik həllər təklif edir. Buna misal olaraq PashaPay startapını göstərmək olar.
4. Sosial startaplar
Startap dedikdə çoxları düşünür ki, onlar ya gəlirə, ya da inkişafa hərisdirlər. Lakin hər startap belə deyil. Məsələn, sosial kateqoriyaya daxil olan startaplar daha çox qeyri-kommersiya sahəsində fəaliyyət göstərirlər. Onlar adətən spesifik hədəf qrupuna sahibdirlər. Bu tip startapa misal olaraq Code.org -u göstərmək olar ki, onlar tələbələri kompyuter elmləri sahəsində bilik və bacarıqlarla təmin edirlər.
5. Kiçik biznes startapları
Ötən bloqumuzda startaplar və kiçik biznes arasında fərqdən bəhs etdik. Lakin startapları da bir növ kiçik biznes saymaq olar. Hətta, Apple kimi məşhur startap ilk addımlarını kiçik biznes startapı kimi atmışdır.
Maliyyələşdirməyə nəzər yetirsək, görərik ki ən çox “bootstrapping” və özünə yatırım edən startaplar məhz kiçik biznes kateqoriyasına aid olanlardır. Onlardan çox qısa zamanda inkişaf və miqyasın böyüməsi gözlənilmir. Beləliklə, investor tələblərinə ayaqlaşmaq məcburiyyəti yaranmır. 😊
6. Alınan startaplar
Bu tip startapların çoxusunun “unicorn” olmaq kimi bir məqsədi olmur. Həmçinin onlar miqyaslarını genişləndirməyə də çox maraqlı olmurlar. Bu tip startaplar sosial sahibkarlar üçün əladır, hansı ki biznesin idarəsi üçün uzunmüddətli plan qurmurlar. Alınan startapların əksəriyyəti tətbiq yaradılması və inkişaf edilməsi üzərinə qurulur.
Özünə ən uyğun növü necə seçməli?
Görünür ki, hər cür biznes ideyaya uyğun bir startap növü mövcuddur. Düzgün növü seçmək isə sizin biznes məqsədlərinizdən asılıdır. Əgər stabillik, icma və qeyri-kommersiya tərəfdarısınızsa, o zaman üz tuta biləcəyiniz növlər budaq, alınan və sosial startaplardır.
Lakin əsas bir məsələni nəzərə almaq lazımdır: startap qurarkən ilk növbədə özünüzə güclü komanda yığın. Narahat olmayın, düzgün komanda yoldaşı seçə bilmək haqqında da bloqumuz var. 😉 Unutmayın ki, sağlam biznesin təməli düzgün komandadan başlayır.
Onu da qeyd edək ki, biznes ideyanız hansı növə aid olursa olsun, SABAH.lab-da hər növ startap qəbul olunandır. Elə indicə SABAH.incubation proqramı üçün qeydiyyatdan keçin ki, ideyanızı startapa birlikdə çevirək. 😊
Comments